Bir şagird üçün məktəb | Azərbaycan təhsilində maraqlı hadisə

  Bir şagird üçün məktəb |   Azərbaycan təhsilində maraqlı hadisə
  18 Yanvar 2024    Oxunub:4144
Azərbaycanda bir şagirdin təhsil aldığı yeddi məktəb var. Bunlar əsasən rayonlarda fəaliyyət göstərən kənd ibtidai məktəblərdir. Onlardan biri də Mirəli Səmədzadə təhsil aldığı Lerik rayon Camaşair kənd ibtidai məktəbidir.
Məktəbdə əvvəldən yalnız ibtidai sinif proqramı tədris olunub, uşaqlar yuxarı sinifləri qonşu kəndlərdə oxuyublar. Bundan əlavə, Lerik rayonunun mərkəzində internat tipli məktəb də fəaliyyət göstərir, bəzi şagirdlər orada tədrislərini davam etdirirlər.

Mirəlinin atası Zamin Səmədovun AzVision.az -a veridiyi məlumata görə, məktəbdə hər sinif üzrə 1-2 şagird olub ki, onlara birlikdə dərs deyilib. Yalnız ötən il 4-cü sinifdə 4 şagird təhsil alıb: "Mənim oğlum Mirəli isə 3-cü sinifdə oxuyurdu. Həmin şagirdlər bu ildən qonşu Soruq kəndində təhsillərini davam etdirirlər. Mirəli cılız olduğu üçün onu apara bilmədim. Ona görə Təhsil Nazirliyinə müraciət etdim və Mirəli üçün bu il də öz məktəbimizdə tədrisin olunmasını xahiş etdim. Sağ olsunlar, xahişimi qəbul etdilər və Mirəli öz məktəbimizdə təhsil almaqda davam edir".


Camaşair ibtidai kənd məktəbi iki sinif otağından ibarətdir. Bir otaq yararsız olduğuna görə tədris üçün digər otaqdan istifadə edilir. Bu il Mirəlinin 4-cü sinifi bitirməsi ilə məktəb tamamilə bağlanacaq. Çünki kənddə Mirəlidən başqa azyaşlı uşaq yoxdur.

Müddətli müqavilə ilə Camaşairə işləməyə gələn Elmira İmanova məktəbin həm müdiri, həm də ibtidai sinif müəlliməsidir. Onun sözlərinə görə, hazırda Camaşir kəndində 11 ailə yaşayır. Sakinlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir: "Kənddən sürətli axın olduğu üçün burada yaşayanlar azdır. Camaşair elə də ucqar kənd deyil. Rayon mərkəzindən 30 dəqiqəyə maşınla çatmaq olar. Sakinlər öz vəsaitləri hesabına yolu da düzəldiblər. Mirəli kəndin ən balaca sakinidir. Bu il o, 4-cü sinifi bitirib, qonşu kənddə tədris alacaq. Eyni zamanda mənim də müqaviləmin vaxtı bitir".


E.İmanova deyir ki, tək şagird olmağın üstünlükləri çoxdur. Lakin ibtidai sinifdə tədris əyləncəli keçirildiyi üçün bunu Mirəli ilə etmək olmur: "İneraktiv oyunlar keçirə bilmirik. Bununla belə çalışıram ki, Mirəli üçün əyləncəli olsun və darıxmasın. Lakin səhər dərsə həvəslə gələn şagirdin artıq dərsin sonunda yorulduğunu müşahidə edirəm.

Bir şagirdin olmasının üstünlüyü bütün diqqətin ona yönəlməsidir. Düzdür, onun sinif yoldaşları yoxdur, əylənə, əyləncəli oyunlar keçirə bilmir. Lakin dərs prosesinin bütövlüyü ona həsr olunduğu üçün ona qaranlıq qalan heç nə olmur və dərsi tam qavrayır. Mirəli savadlı şagirddir, fikrini sərrbəst şəkildə ifadə edə bilir".


Müəllimə qeyd edir ki, tək şagird olmasına baxmayaraq, tədris müddəti adi məktəblərdə olduğu kimidir: "Məsələn, bir fənni 45 dəqiqə ərzində keçirik. İnformatika fənni üzrə məktəbdə avadanlıq olmadığı üçün özüm şəxsi kompüterimi gətirib şagirdə dərsi başa salıram. Yəni Mirəli heç bir şeydən kənarda qalmır və ona dərslər tam tədris olunur. Eyni zamanda onunla bayram şənlikləri də keçirirəm".

Bizimlə həmsöhbət olan balaca Mirəli tək şagird olmasına baxmayaraq, məktəbdə darıxmadığını deyir: "Dərsə həvəslə gedirəm. Müəlliməni dinləyirəm, zənglərdə çölə çıxıb gəzirəm, sonra sinifə qayıdıram. Dərslərim maraqlı keçir. Düzdür, arada sinif yoldaşlarım üçün darıxıram..."



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti